Compstyle tələbəsi AZTU-nun sistemində kritik boşluq tapdı

20 yaşlı Əli Əlizadə AZTU-nun sistemində kritik boşluqlar tapdı və məsuliyyətlə bildirdi. Universitet təşəkkür etdi, dövlət agentliyi rəsmi cavab verdi.

Compstyle komandası26 oktyabr 2026 · 5 dəq oxu

5 may 2026, axşam saat 22:12. Əli Əlizadə öz universitetinin veb sistemlərindən birində ilk ekran görüntüsünü çəkir. Növbəti 25 dəqiqədə gördükləri çoxlarını ya qorxudar, ya da susmağa vadar edərdi: on minlərlə insanın şəxsi məlumatları icazəsiz görünə bilirdi. Əli nə qorxdu, nə də susdu. Ertəsi gün universitetə yazdı.

Bu yazıdakı tarixlər və sitatlar Əlinin rəsmi hesabatından, universitetin cavab məktubundan və Milli Kibertəhlükəsizlik Agentliyinin rəsmi cavabından götürülüb. Boşluqlar artıq bağlanıb. Əli adının çəkilməsinə razılıq verib.

Əli kimdir

Əli 20 yaşındadır. Azərbaycan Texniki Universitetində İnformasiya Təhlükəsizliyi ixtisası üzrə 3-cü kursda oxuyur. Onun üçün bilik imtahan qiymətində bitmir. O, öyrəndiklərini real həyatda sübut etmək istəyirdi.

Bunun üçün Compstyle-ın Red Team kursuna qoşuldu. Kursu kibertəhlükəsizlik təlimçisi Fərid Balametov aparır. Red Team-də sistemə hücumçunun gözü ilə baxmağı öyrənirsən: zəif nöqtə harada ola bilər, pis niyyətli biri hansı yoldan girərdi. Ən vacibi isə tapdığını necə sənədləşdirmək, kimə və necə bildirmək lazım olduğunu öyrənməkdir.

Əli kursun ilk günündən öyrəndiyini dərhal praktikada sınamaq istəyən tələbələrdən idi. Bir gün bu həvəs onu ən yaxın sistemə, öz universitetinin sisteminə gətirdi. Məqsədi aydın idi: oxuduğu yeri daha təhlükəsiz etmək.

Nə tapdı

Əli universitetin daxili veb sistemlərindən birində bir-biri ilə əlaqəli altı zəiflik aşkar etdi. Heç bir kilid sındırılmamışdı: bəzi qapılar sadəcə açıq qalmışdı.

Peşəkar hesabatlarda zəifliklər beynəlxalq terminlərlə və CWE kateqoriyaları ilə adlandırılır. Əlinin hesabatı da belədir:

  • Directory ListingYüksəkCWE-548Serverdəki qovluqlar vitrin kimi açıq idi: içindəki faylların siyahısını brauzerdən hər kəs görə bilirdi.
  • Source Code DisclosureKritikCWE-540Saytın arxa tərəfdə işləyən kodu adi fayl kimi yüklənə bilirdi. Kod hücumçu üçün sistemin xəritəsidir.
  • Information DisclosureOrta–YüksəkCWE-209Xəta mesajları serverin daxili quruluşu haqqında lazım olandan artıq məlumat verirdi.
  • Broken Access ControlKritikCWE-284Artıq istifadə olunmayan köhnə idarəetmə interfeysi lazımi qədər qorunmurdu.
  • Credential ExposureKritikCWE-522Əvvəlki bir insidentlə bağlı giriş məlumatlarının hələ də aktiv qala bilməsi riski vardı.
  • Mass Data ExposureKritikCWE-359On minlərlə şəxsin şəxsiyyət vəsiqəsi məlumatları, telefon və e-poçt ünvanları, qəbul balları icazəsiz görünə bilirdi.

Altı zəiflikdən dördü kritik səviyyədə idi. Ən ağırı sonuncusudur. Belə məlumatlar pis əllərə düşsə, insanlar hədəfli fişinqin və saxtakarlığın qurbanı ola bilər. Məlumatın sahibi isə bundan heç vaxt xəbər tutmaz.

Sən olsaydın?

Qarşında on minlərlə insanın şəxsi məlumatları açıqdır. Səni heç kim görmür. Nə edərdin?

Əli nə etdi

Peşəkarı həvəskardan ayıran məhz bu andır. Əli məlumatları heç kimlə paylaşmadı və heç bir məqsədlə istifadə etmədi. Problemin ciddiliyini sübut etmək üçün lazım olan qədər sənədləşdirdi, ekran görüntülərindəki bütün şəxsi məlumatları gizlətdi və dayandı. Sonra sistemin sahibinə xəbər verdi. Kibertəhlükəsizlikdə buna responsible disclosure, yəni məsuliyyətli açıqlama deyilir.

Universitetin cavabı

Ertəsi gün, 6 mayda Əli tapıntılarını hesabat şəklində universitetin texniki dəstək xidmətinə göndərdi. Cavab elə həmin gün gəldi:

Sistemimizdə apardığınız təhlükəsizlik analizi və aşkar etdiyiniz boşluqları operativ şəkildə bizə bildirdiyiniz üçün sizə təşəkkür edirik. Sizin kimi peşəkarların dəstəyi sayəsində platformamızın kibertəhlükəsizlik səviyyəsini daha da möhkəmləndirmiş olduq. Məsuliyyətli yanaşmanız və texniki dəqiqliyiniz bizim üçün çox dəyərlidir.
Azərbaycan Texniki Universiteti, texniki dəstək xidməti · 6 may 2026

İlk ekran görüntüsündən universitetin təşəkkürünə qədər bir gündən az vaxt keçdi.

Dövlət səviyyəsində

Hekayə burada bitə bilərdi. Amma sentyabrda yeni tədris ili başlayanda məlum oldu ki, iş hələ yekunlaşmayıb: sistemə yeni qəbul olunan tələbələrin məlumatları da əlavə olunurdu.

Əli işi yarımçıq qoymadı. Hesabatını yenilədi: 15 səhifə, altı zəifliyin risk təsnifatı, təsir analizi və yeddi konkret tövsiyə. 15 sentyabrda onu ölkənin əsas kibertəhlükəsizlik qurumuna, Milli Kibertəhlükəsizlik Agentliyinə (CERT.az) göndərdi.

8 oktyabrda Agentlik İdarə Heyəti sədrinin elektron imzası ilə rəsmi cavab verdi:

Müraciətinizdə göndərilən hesabatda qeyd edilən kibertəhlükəsizlik boşluqları ilə əlaqədar resurs sahibi ilə əlaqə saxlanılmış və müvafiq izahat verilmişdir. Əlavə olaraq hesabatda sözügedən informasiya ehtiyatları barəsində tərəfimizdən araşdırma aparılaraq müvafiq tədbirlər həyata keçiriləcəkdir.
Milli Kibertəhlükəsizlik Agentliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi · 8 oktyabr 2026

Bu gün boşluqlar bağlanıb. On minlərlə tələbənin məlumatı artıq açıq deyil.

Bütün yol, qısaca

  • 5 mayAxşam: Əli zəiflikləri aşkar edir və sənədləşdirir.
  • 6 mayHesabat universitetin texniki dəstək xidmətinə gedir. Həmin gün təşəkkür cavabı gəlir.
  • 14 senYenilənmiş, 15 səhifəlik hesabat hazırdır.
  • 15 senHesabat Milli Kibertəhlükəsizlik Agentliyinə göndərilir.
  • 8 oktAgentlik rəsmi cavab verir. Boşluqlar bağlanır.

Təlimçinin sözü

Əlinin Red Team təlimçisi Fərid Balametov Google, Cisco, Fortinet və digər şirkətlərin beynəlxalq sertifikatlarına sahibdir. Ölkədaxili və xarici pentest layihələrində iştirak edib, onların bir neçəsinə rəhbərlik edib. Bu təcrübəni indi Compstyle-da Red Team kursunda tələbələrinə ötürür.

Əli prosesin hər mərhələsində təlimçisi ilə məsləhətləşdi: hesabatı universitetə və Agentliyə göndərməzdən əvvəl.

Zəiflik tapmağı öyrətmək olar. Daha çətini tapdığın anda dayanmaq və düzgün qapını döyməkdir. Əli boşluğu görəndə ilk sualı „bununla nə edə bilərəm?“ yox, „bunu kimə bildirməliyəm?“ oldu. Bir təlimçi üçün bundan böyük nəticə yoxdur.
Fərid Balametov, Compstyle Technology-də kibertəhlükəsizlik təlimçisi

Bu hekayə nəyi göstərir

Bilik təkbaşına bəs etmir. Boşluğu tapmaq bacarıqdır. Onu necə istifadə edəcəyin isə xarakterdir. Əli hər iki imtahandan keçdi.

Hesabat yazmaq da bacarıqdır. Universitet də, dövlət agentliyi də Əlini ciddi qəbul etdi, çünki hesabatı peşəkar idi: aydın təsnifat, risk səviyyəsi, sübut və konkret tövsiyələr. Red Team mütəxəssisinin işinin yarısı budur.

İşi sona çatdırmaq. Bir məktub göndərib unutmaq olardı. Əli beş ay ərzində məsələni izlədi və problemi sona qədər həll etdirdi.

Belə etməTapdığın boşluğu sosial şəbəkədə «sındırdım» deyə paylaşmaq. Məlumatları saxlamaq, sistemdə daha dərinə getmək, sahibinə xəbər verməmək.
Əlinin yoluDayanmaq. Minimum sübut toplamaq, şəxsi məlumatları gizlətmək. Sistemin sahibinə, lazım gəlsə CERT.az-a bildirmək və nəticəni izləmək.

Bir şeyi də açıq deyək: başqasının sistemini icazəsiz yoxlamaq qanunla məhdudlaşdırıla bilər. Bu bacarığı inkişaf etdirmək üçün icazəli yerlər var: laboratoriyalar, CTF yarışları və şirkətlərin açıq bug bounty proqramları. Əgər haradasa təsadüfən boşluq görsən, Əlinin yolunu tut: dayan və bildir.

Əlinin yolu ilə getmək istəyirsən?

Red Team kursunda sistemi hücumçunun gözü ilə yoxlamağı, zəifliyi risk səviyyəsinə görə qiymətləndirməyi və Əlininki kimi peşəkar hesabat yazmağı sıfırdan öyrənirsən.

Zəiflik tapmağı icazəli şəkildə, mükafat qarşılığında etmək istəyirsənsə, Advanced Bug Bounty kursuna bax. Dərslər onlayndır, qrupda və ya fərdi.

Digər yazılar

Hamısına bax →